Amerikanın Türkiyənin illik hərbi təlimlərində iştirak etməməsi bu iki NATO ölkəsi arasındakı əlaqələrə dair suallar qaldırır. Türkiyənin İrana qarşı sanksiyalar qərarını dəstəkləməməsi İsraillə münasibətlərin pozulmasına səbəb olub. ABŞ-ın birgə qərargahlar rəisi, admiral Maykl Müllen Türkiyədə həmkarı general İşık Koşanərlə görüşü ndə son iki ildə gərginləşən münasibətlərə pozitiv təsir göstərməyə çalışmışdı.“O vaxtdan çox şey dəyişib, Iraqda Amerikanın döyüş missiyası başa çatdırılıb, Əfqanıstanda əsgərlərin sayı artırılıb. Hər iki missiyada Türkiyənin rolu əvəzsiz olub.”
Təhlilçilərin fikrincə, Türkiyə ilə ABŞ arasında strateji tərəfdaşlığın yalnız adı var.
Islam köklü Türkiyə hökuməti İsraillə münasibətlərində kəskin xarici siyasət yürüdür. Amerika ilə Türkiyə arasındakı soyuqluq Türkiyənin Qəzzaya yardım cəhdi və İsrail tərəfindən 9 türkün öldürülməsindən sonra yaranıb. Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın İsraili terrorizmdə ittiham etməsi Vaşintonun Türkiyənin xarici siyasətini sual altına almasına yol açmışdı. Suallar Türkiyənin BMT-nin Təhlükəslik Şurasında İrana qarşı sansiyalara mənfi səs verməsi ilə artmağa başlayıb. Bu, beynəlxalq əlaqələr üzrə ekspert Soli Özelin fikridir.“Biz tərəfdaşlarımızla nəinki, hesablaşmır,onlarla işləmək belə istəmirik. ”
Türkiyə Amerika və Avropa Birliyinin deyil, BMT-nin İrana qarşı sanksiyalarına əməl edəcəyini bildirib. Ötən həftə münasibətlərin normallaşdırılması məqsədi ilə bir qrup türk diplomatı Vaşinqtona səfər etmişdi. Amerikanın qabaqçıl qanunvericiləri ilə görüşlər zamanı Türkiyənin nümayəndə heyəti Türkiyə ilə İsrail arasında uzunmüddətli normal münasibətlərin yüksək dəyərləndirildiyini bildirmişdi. Səfir Selim Yenel bu səfəri əlaqələrin bərpasında mühüm addım adlandırıb. “Üz-üzə görüş lazımi bir addım idi. Biz təssülər olsun ki, münasibətlərimizin əsasını təşkil edən amillərə toxunmadıq. Bunlar bizim birgə çalışdığımız İraq, Əfqanıstan, Balkanlar kimi sahələrdir. ”
Təhlilçilərin fikrincə, Türkiyənin Əfqanıstandakı rolu Amerika üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, türk qüvvələri əfqan əsgərləri və polisinə təlim verilməsində aprıcı rol oynayır. Türkiyə NATO-nun yeganə müsəlman üzvü kimi də güclü bir simvoldur. Səfir Yenelin dediyinə görə, Türkiyəyə silah satışını müzakirə edən ABŞ Konqresi də daxil olmaqla, problemlər qalmaqdadır.
“Regionun hazırkı durumu barədə mürəkkəb bir təsəvvür mövcuddur. Türkiyəyə neqativ baxış var. Burada olub, vəziyyətin izah edilməsi Konresi qane edə bilər. Lakin hələlik ümidilər azdır. ”
Türkiyə silahların son aylar hücumlarını artıran, 100-dən artıq türk əsgərinin ölümünə səbəb olan PKK üsyançıları ilə mübarizəyə yönəldiyini deyir.Təhlilçilıərin fikrincə, Konreqresin Türkiyəyə silah satışı barədə qanunu təsdiq etməməsi qarşılıqlı münasibətlərdə dərin bir iz qoyacaq.Türkiyədə isə ümumilli seçkilərə bir ildən az qaldığı bir vaxt ictimai rəyin əhəmiyyəti artır. Ankaranın İranla bağlı Amerika və Avropa İttifaqının daha artıq təzyiqlərilə üzləşəcəyi gözlənilir.
İranın 808 nəfər türk, fars, ərəb, kürd, bəluc və digər etniklərdən olan ictimai xadimi İran Azərbaycanından olan siyasi məhbusların azadlığını tələb edən açıq məktubla çıxış edib. Bu müraciəti HARANA, Savalan səsi, Rahi Karigər kimi xəbər saytları, Azərbaycan Demokrasi Ocağı və başqa türk və fars saytları yayıblar.
Sənədə imza atanların əksəriyyəti hüquq müdafiəçiləri və ya tanınmış siyasi fəallardır. Açıq məktubu imzalayanlar arasında tanınmış azərbaycanlı yazıçı doktor Rza Bərahini, universitet müəllimi doktor Əlirza Əsgərzadə, Kanadada qəzet redaktoru Həsən Zerehi, tanınmış jurnalist Nuşabə xanım Əmiri, mühacirətdə yaşayan Fəriyba xanım Davudi Mühacir, Məhbubə xanım Abbasquluzadə və Əxtər xanım Qasımı kimi jurnalistlər və ədliyyə vəkili Asya xanım Əmini də var.
Müraciəti imzalayanlar siyasi məhbusların azadlıqlarını tələb etməklə yanaşı, İranda azərbaycanlıların dil, mədəni, siyasi, iqtisadi və ictimai tələblərini himayə etdiklərini də bildirib. “Demokratiya uğrunda mübarizə məmləkətin müxtəlif etniklərinin əsas haqlarının himayəsindən kənarda ola bilməz. Biz, İranın mərkəzi hökumətlərinin ayrıseçkilik siyasətini qəti şəkildə məhkum edirik”, - deyə müraciətdə qeyd edilir.
Müraciəti imzalayanlar İranın dini rejiminə qarşı mübarizə edən siyasi qurumlara işarə edərək yazır ki, "diktatorluq ilə mübarizədə, türklər, kürdlər, ərəblər, türkmənlər, bəluclar və digər etniklərin haqlarını görməməklə müvəffəqiyyətli sonluğa çatmaq olmaz”.
Sənədi imzalayanlar işgəncənin bütün formalarını, mənəvi və psixoloji təzyiqləri, təhqirləri, məhbusların haqlarının pozulmasını məhkum edir. Onlar müstəqil media və insan haqları təşkilatlarından xahiş edirlər ki, məhbuslarla bağlı xəbərlərin ictimai diqqətə çatdırılmasına çalışsınlar.
“Azərbaycanlı siyasi məhbusların hüquqlarını müdafiə kampaniyasının iştirakçıları məhbusların qeyd - şərtsiz azadlığa buraxılmasını tələb edir”- deyə imza kampaniyasında iştirak edən ictimai xadimlər bildirir.
Müraciətdə deyilir ki, bu ilin yazından başlayaraq İran-Azərbaycanının mədəni və kültür azadlıqları uğrunda mübarizə aparan onlarla fəal Təbriz, Tehran, Kərəc, Urmiyə, Ərdəbil, Miyandab, Maku, Kəleybər, Meşkinşəhər, Xoy, Sofyan və digər şəhərlərdə tutularaq həbsə atılıb.
Tutulanlardan bir hissəsi zəmanətlə azad olunsalar da, qadın haqları fəalları Həmidə Fərəczadə və Zəhra Fərəczadə, mədəni və milli fəallar Əkbər Azad, Həsən Rəhimi Bəyat, Hüseyn Nəsiri, doktor Əlirza Abdullahi, doktor Lətif Həsəni, mühəndis Mahmud Fəzli, mühəndis Şəhram Radmehr, Ayət Mehrəlibəyli, Behbud Quluzadə, Aydın Xaceyi, Bəhmən Nəsirzadə, Heydər Kərimi, Nəim Əhmədi, Yunis Süleymani, Şükrullah Qəhrəmanifard üç ay bir adamlıq kamerada saxlanılıb. Bundan əlavə, Səid Mətinpur, Əli Abbasi, Vədud Səadəti, Rəhim Qulami və Behruz Əlizadə kimi fəallar ötən ildən həbsdədir. Son günlərdə isə Haniyə xanım Farşi Şotorban tutulub.
İctimai xadimlər iddia edir ki, həbslər məhkəmə hökmü əsasında həyata keçirilməyib. “Həbs edilənlər bir nəfərlik kameralarda saxlanıb və onlara çox vaxt vəkil tutmağa imkan verilməyib. Həbsdəkilərin bəziləri ağır işgəncələr altındadır, onlara ailələri ilə görüşə və ya telefon əlaqəsi saxlamağa imkan verilmir”, - deyə açıq məktubda qeyd edilir.
Kubanın keçmiş lideri Fidel Kastro ABŞ-ın Atlantic jurnalına müsahibədə İran prezidenti Mahmud Əhmədinejadı yəhudilərə böhtan atmağa son qoymağa çağırıb. Bu gün jurnalın internetdə yerləşdirilmiş məqaləsində deyilir ki, cənab Kastro prezident Əhmədinejadı Holokostun baş verdiyini rədd etdiyinə görə tənqid edib. O deyib ki, İran prezidentinin antisemitizmin unikal tarixi və nəzəriyyəsini başa düşməsi sülhün maraqlarına xidmət edərdi. Kubanın keçmiş lideri bildirib ki, cənab Əhmədinajead israillilərin mövcudluqlarına görə nə üçün narahat olduğunu başa düşməyə çalışmalıdır. Cənab Kastronun sözlərinə görə, tarixdə yəhudilərdən çox böhtan atılıb günahkar sayılan bir qrup olmayıb. Cənab Kastro bu açıqlamaları Birləşmiş Ştatlar, onun müttəfiqi İsrail və İran arasında gərginliyin nüvə qarşıdurmasına gətirib çıxara biləcəyi haqda dediklərilə bağlı sualı cavablandırarkən verib.
Amerika dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanou Azərbaycanda rəsmi səviyyədə və müxalifətdə olan siyasi partiyalarla görüşlər keçirib.
Rəsmi məlumatlarda deyilir ki, xanım Kaydanou prezident Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərində Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar prosesinin gedişi və eləcə də qlobal maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət katibinin müşavirinin müxalifətdə olan siyasi partiyalarla görüşü iki saatdan çox çəkib. “Müsavat” başqanı İsa Qəmbər “Amerikanın səsi” radiosuna bildirib ki, görüşdə əsas müzakirə demokratiya və qarşıdakı parlament seçkiləri ətrafında olub. O görüşü faydalı və səmərəli kimi qiymətləndirir.
Cənab Qəmbərin dediyinə görə, Amerika Azərbaycanda parlament seçkilərində müsbət dəyişiklik gözləyir.
AXCP sədri Əli Kərimli demokratiya və seçki məsələləri ilə yanaşı təhlükəsizlik məsələsinin də diqqət mərkəzində olduğunu deyib. Onun fikrincə, bölgədə vahid təhlükəsizlik sistemi olmadan problemlər həllini tapmayacaq. “Rusiyanın Ermənistana daha 49 il təhlükəsizlik təminatı verməsi problemlərin həll edilməyəcəyinə mesajdır”.
Müxalifətdə olan Müsavat və Xalq Cəbhəsi partiyaları AXCP - Müsavat adlı seçki blokunun yaradılması barədə razılaşma imzalayıb.
Müsavat partiyasının başqanı İsa Qəmbər bildirib ki, hər iki partiya 125 seçki dairəsindən 90-da namizədləri razılaşdırdıb və bu proses davam etdiriləcək. Onun sözlərinə görə, seçki blokunun əsas hədəfi ölkədə köklü dəyişikliklərə nail olmaqdır.
AXCP sədri Əli Kərimli isə blokun parlament seçkilərində Azərbaycan hakimiyyətinə ciddi alternativ olacağını bildirib. Onun fikrincə, blok iki partiyanın birləşməsi yolunda ilk addım olacaq.
Bakıda “Söz və ifadə azadlığına beynəlxalq ictimai dəstək forumu” açılıb. Sentyabrın 10-dək davam edəcək forum çərçivəsində söz və ifadə azadlığı mövzusunda debatlar keçirilir, insan hüquqları mövzusunda foto və karikatura sərgisi fəaliyyət göstərir və konfrans təşkil edilib.
Dünyanın ondan çox beynəlxalq jurnalist və hüquq-müdafiə təşkilatının - “Sərhədsiz reportyorlar”, “Artikl 19”, “Freedom Hous”, Beynəlxalq Jurnalistlər Federasiyası, Ümumdünya Qəzetçilər Assosiasiyası, Sülh və Müharibə İnstitutunun nümayəndələri Azərbaycan jurnalistlərinə həmrəylik nümayişi məqsədi ilə ictimai foruma qatılıb.
Bu gün, 8 sentyabr - Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günündə mətbuat nümayəndələri ölkənin ilk müstəqil mediasının yaradıcısı Nəcəf Nəcəfov və 2003-cü ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət edib. Çıxış edənlər ölkədə jurnalistlər arasında həmrəyliyin zəif olduğunu bildirib. Onların fikrincə, mətbuatın hökumətdən asılılığı artdıqca jurnalistlər arasında həmrəylik azalır.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, medianın hazırkı durumu jurnalist həmrəyliyinin daha da zəifləməsinə təkan verəcək.
MilAz saytının rəhbəri Üzeyir Cəfərovun fikrincə, son zamanlar mediaya dövlət dəstəyi artıb və jurnalistlərin həmrəyliyi daha da zəifləyib. “Hətta həbsdə olan media işçilərinin müdafiəsi ilə bağlı belə media rəhbərləri bir araya gələ bilmir”.
Reportyorların Azadlıq və Təhlükəsizliyi institutunun direktoru Emin Hüseyn hesab edir ki, Azərbaycan jurnalistləri ilə beynəlxalq təşkilatlar daha çox həmrəylik nümayiş etdirir, nəinki yerli media nümayəndələri.
“Artikl-19” və “Sərhədsiz Reportyor” Təşkilatlarının Bakıda səfərdə olan təmsilçiləri Azərbaycanda media azadlığına dəstək verdiklərini və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasının vacibliyini qeyd edib.
“Artikl-19” Təşkilatının icraçı direktoru Aqnes Kallamard jurnalist Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını Azərbaycanın tezliklə icra etməyəcəyini düşünür. “Çoxsaylı beynəlxalq təşkilatlar cənab Fətullayevin və blogerlər Emin Millinin, Adnan Hacızadənin azad edilməsini tələb etmək üçün Bakıya gəlib. Biz onların təcili həbsdən azad edilməsini tələb edirik”,- deyə xanım Kallamard qeyd edib.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılmamasına gəlincə, beynəlxalq təşkilatlar Azərbaycan hökumətini jurnalistin qatillərini və qətlin sifarişçilərinin məhkəmə qarşısına çıxarılması üçün çalışmağa səsləyib.
“Sərhədsiz Reportyorlar” təşkilatının yeni media departamentinin rəhbəri Lüsi Morion Azərbaycanda jurnalistlərə qarşı fiziki təzyiqlərin istintaqının uzadılmasından narahatlığını ifadə edib. “Jurnalistlərə qarşı çoxsaylı fiziki təzyiqlər olmasına baxmayaraq hökumət bu hadisələrə laqeyd yanaşır. Jurnalistlərə qarşı təzyiqlərlə bağlı cinayətlərin 95 faizi açılmamış qalır”, - deyə o qeyd edib.
Rusiya rəsmilərinin bildirdiyinə görə, Kabardin-Balkar respublikasında yerli hakim güllə ilə vurulub öldürülüb. Moskva Baş Prokurorluğundan verilən məlumata görə, naməlum şəxslər hakim Culber Bıkovu onun Baksanenok kəndində axşam saatlarında evinin qarşısında vurub öldürüblər. Hakimin iş yeri paytaxt Nalçikdə idi. Rusiyanın Şimali Qafqaz regionun respublikalarında hökumət rəsmiləri demək olar hər gün hücuma məruz qalır.
Britaniyanın neft nəhəngi BP bildirir ki, Meksika körfəzində neft axınının yaratdığı təbii fəlakətə görə bir neçə şirkət və işçilərdən ibarət qruplar məsuliyyət daşıyır. BP-nin özünün hazırladığı hesabatda göstərilir ki, qəzaya səbəb bir sıra texniki problemlər, ayrı-ayrı şəxslərin mühakimələri və texnoloji dizayn olmuşdur. Hesabatda qeyd edilir ki, neft quyusunun qapağının pis sementlənməsi kəmər vasitəsilə qaz və başqa mayelərin axmasına gətirib çıxarmışdır. Transocean neft quyusunun komandası 40 dəqiqə ərzində hidrokarbon qazının səthə qalxdığı haqda məlumat verməmişdir. Səthə qalxan qaz və neft birbaşa neft quyusuna yönəlmiş və orada partlayış yaratmışdır. Quyuda partlayış və yanğından sonra dənizin dibində partlayış hallarında qoruyucu cihaz işə düşməmiş və böyük həcmdə neftin axmasına səbəb olmuşdur.
İraq polisi silahlı şəxsin İraq televiziyasının jurnalistini qətlə yetirdiyini bildirib. Bu, son iki gün ərzində ölkədə ikinci jurnalist qətlidir. Polis bildirib ki, silahlı şəxs jurnalisti onun Mosul şəhərindəki evinin yaxınlığında işə gedərkən qətlə yetirib. Onun qətli İraq dövlət televiziyasının tanınmış aparıcısı Riyad əl-Sarainin qətlinin ardınca baş verib. Polis Sarainin Bağdadın qərbində avtomobil sürən anda güllə ilə öldürüldüyünü bildirib. Mətbuat azadlıq qrupları bildiriblər ki, İraqda 2003-cü ildən bəri azı 139 müxbir qətlə yetirilib. Bu gün başqa xəbərdə İraq təhlükəsizlik rəsmisi ölkə boyu ayrı-ayrı partlayışlar zamanı azı altı nəfərin həlak olduğunu bildirib.
Pakistan rəsmiləri Amerika təyyarələri olduğundan şübhələnilən iki hava hücumu zamanı 11 nəfərin həlak olduğunu bildirib. İlk hücum ölkənin şimal bölgəsində Taliban və əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların Vəziristandakı qərərgahında baş vermişdir. Kəşfiyyat rəsmiləri bildirib ki, hücum Haqqani şəbəkəsi ilə əlaqəsi oldugu hesab edilən yerli yaraqlıların birliyini hədəf alaraq azı yeddi şübhəli yaraqlını qətlə yetirib. İkinci hücum zamanı isə təyyarə Data Kel şəhərində avtomobili hədəf alaraq dörd yaraqlını qətlə yetirib. ABŞ Əfqanıstanda NATO qoşunlarına qarşı hücumları planlaşdıran və həyata keçirən yaraqlıları aşkara çıxarmaq üçün Şimali Vəziristanda raket hücumlarını intensivləşdirib.